1. BIRGƏ RAZILAŞMA KONSEPSIYASI

BİRGƏ RAZILAŞMA KONSEPSİYASI 

 Ramin Allahverdi 

Açar sözlər: Birgə razılaşma, konsepsiya, “Mən, Sən və O”, cəmiyyət

Hələ XIV əsrdə dahi Nəsimi “Həqqin kəlamı məndədir, sanma məni həqdən kənar” (1; 133) deyimi ilə insanın (fərdin) dünyanın fövqündə dayandığını, hətta tanrının özü olduğunu (“Həqq-talə adəm oğlu özüdür”) cəsarətlə söyləyir. Lakin, təəssüflər olsun ki, sonrakı dönəmlərdə tədricən insan (fərd) amili arxa plana keçməyə başlayır və beləcə də insanın faciəsi qaçılmazlaşır. Özünə xidməti unudan  insan ali kimliyini Avropada İntibah dövründə, həmçinin, sonra maarifçilərin köməyi ilə yenidən diqqət mərkəzinə gətirə bilir və müəyyən ideolji mülahizələr formalaşmağa başlayır ki, bunlardan biri də insanın azadlığı ilə bağlı məsələdir.

Bəlli olduğu kimi, insan anadan olduğu gündən azad dünyaya gəlir. Onunla birlikdə təbiətin bəxş etdiyi ilk haqqı - Azad olmaq haqqı da yaranmış olur. Mən (eləcə də, Sən və O, yəni biz – cəmiyyəti təşkil edən insanlar) beləcə təkbaşına Azad olmaq haqqına sahib oluram.

Deməli, təkbaşına yaşam tərzində hər şeyə haqqım çatır (Həmçinin, Sən və Onun da belə bir təbii haqqı var). Əslində bu cür yaşamaqla Mən tam azad oluramsa, bəs niyə belə bir imkanlarımın müəyyən hissəsini məhdudlaşdırmaqla Sən və Onunla bir yerdə yaşamağı (yəni cəmiyyət halında yaşamağı) seçməliyəm?

Burada bəzi məqamları izah etməyə çalışaq. Tomas Hobs (Thomas Hobbes) “Leviathan” əsərində təməl azadlıqlardan bəhs edərkən yazır ki, insanın sahib olduğu təbii haqq (jus naturale)  özünün varlığını qorumaq üçün öz gücündən istədiyi kimi, əqil və mükakiməsinə görə (dərk etdiyi kimi) ən uyğun saydığı üsullarla hər şeyi etmək azadlığıdır.

Azadlıq kənar maneələrin olmaması kimi anlaşılır. Həmin maneələr çox vaxt insanın arzuladığı şeyləri etmək imkanını məhdudlaşdıra bilər, lakin onun azadlığı  öz imkanlarından yenə də öz əqil və düşüncəsinə uyğun istifadə etməsidir.

Filosof eyni zamanda izah edir ki, hər kəsin hər şey üzərindəki təbii haqqının olmasını əsas götürərək yaşamağa davam etməsi bir insan üçün əslində nə qədər, güclü və ya ağıllı olmasından asılı olmayaraq təbiətin normalda onun yaşamasına imkan verdiyi müddətin sonuna qədər sağ qalma (yəni öz əcəli ilə ölmək – R.A.) zəmanətinə malik ola bilməz (2; 100-101).

Başqa cür desək, Mənim hər şeyə haqqım çatdığı kimi, Sənin və Onun da haqqı çatır. Bu zaman maraqlarımızın toqquşması qaçılmaz olur və aramızda dava-dalaş, savaş başlayır. Yəni hər birimiz təbii haqqımızın olduğunu iddia etdiyimizi əldə etməyimiz uğrunda savaşa sürüklənmiş oluruq. Ona görə də belə təbii haqqa əsaslanan azadlığımız bizi müharibə şəraitində saxlayır. Belə vəziyyətdən çıxmaq üçün isə T.Hobsun təbirincə desək, “sülhü axtarmaq və izləmək” zərurudir. Bu isə qarşılıqlı razılaşma əsasında birgə yaşamağımızdan keçir.

Deməli, birgə yaşayış əslində Mənim (eləcə də Sənin və Onun) təhlükəsiz yaşamağım üçün ilk növbədə özümə lazımdır. Birlikdə yaşamağın faydalarını isə hələ ibtidai insanlar kəşf edərək, fövqəladə vəziyyətlərdən qorunmaq, təbiət hadisələri qarşısında aciz qalmamaq, vəhşi heyvanlardan mühafizə olunmaq,  qidanı birgə əldə etmək və s. üçün kiçik qruplar halında birləşməklə sübut etmişlər. Bu, elə birgə yaşayışın kortəbii də olsa fəlsəfi əsasının qoyulması demək idi.

 Cəmiyyət halında birləşməkdən ötrü insanların təbii haqqının, azadlığının qismən məhdudlaşdırmasının səbəblərini təhlil edən ingilis filosofu Con Lokk yazır: “İnsan təbii vəziyyətində tam azaddırsa, özü-özünün və mülkiyyətinin mütləq (tam) ağasıdırsa, heç kimə tabe deyilsə, niyə bu səltənətindən əl çəkib hansısa başqa bir gücün nəzarətinə özünü tabe etdirməlidir? Bunun aydın bir cavab odur ki, baxmayaraq, təbii vəziyyətində insanın belə bir haqqı var, lakin ondan yararlanmaq imkanı müəyyən edilmiş deyil və daima başqalarının təcavüzünə məruz qalır. Digərlərinin də belə azadlığının olması səbəbindən insanın malik olduğu mülkiyyətdən istifadə etməsi son dərəcə təhlükəli və müdafiəsiz olur. Beləcə insan  azad, lakin qorxulu və davamlı təhlükəli vəziyyətlərdən imtina etməyə məcbur qalır. Ona görə də o, mənim hamısını bir yerdə mülkiyyət adlandırdığım həyat, azadlıq və əmlaklarının qarşılıqlı müdafiəsi üçün birləşmiş, yaxud da birləşmək istəyən başqa insanlarla cəmiyyət yaratmağa çalışır” (3; 159).

Beləliklə, Mən, Sən, O başa düşürük ki, birgə yaşamaq, təkbaşına yaşamaqdan daha faydalıdır. Lakin birgə (cəmiyyət olaraq) yaşamaq üçün biz, yəni Mən, Sən və O öz şəxsi (fərdi)  azadlığımızın müəyyən hissəsinin məhdudlaşdırlmasına könüllü olaraq razı olmalıyıq.

Mən hazırkı yazıda “Mən, Sən və O” ifadəsini “cəmiyyət” sözünün sinonimi kimi  işlədirəm. Çünki cəmiyyət deyəndə əksəriyyət elə bilir ki, fərd olaraq onun da daxil olduğu birlikdən söhbət getmir, hansısa kənarda bir nəsnə barəsində danışırıq.

Bütövlükdə insanlığı şərtləndirən əsas amil əslində hamının xöşbəxt olmaq istəməsidir. Bu gün hər kəsin kəsişdiyi ortaq bir nöqtə var – XOŞBƏXT OLMAQ istəyi. Lakin fərqli məqam ondadır ki,  bu xoşbəxtliyi hərə bir cür anlayır ( biri ürəyincə karyera quranda özünü xoşbəxt sanır, biri uşağına bir tikə çörək tapanda və s.) .

Bəs bunu verə biləcək mühiti, şəraiti, cəmiəti, məmləkəti, ölkəni kim yaratmalıdır? Əlbəttə, XOŞBƏXT OLMAQ istəyənlər. Bunlar kimlərdir?  - Cəmiyyəti təşkil edənlər, cəmiyyət olub (halında) yaşayan insanlar. Bunlar kimlərdir? – Əlbəttə, MƏN, SƏN və O (yəni hər bir cəmiyyət üzvü).

Beləliklə, Mən, Sən və O, BİRGƏ RAZILAŞMA əsasında maraqlarımızı təmin edən birlik və ya cəmiyyət yaradırıq.  Üzü qədimdən, yəni elə ilk insan birlikləri yaranandan bəri institutlaşmış yazılmamış qaydalar, adət-ənənələr, tabular, mərasimlər, rituallar, dini ayinlər və s. əslində kortəbii də olsa BİRGƏ RAZILAŞMAdır və cəmiyyətdəki münasibətləri pis-yaxşı nizamda saxlamışdır.

Rasional olaraq birgə yaşayışın üstünlüklərinin tək yaşamaqdan qat-qat artıq olduğunu dərk edən Mən, Sən və O qərara gəlirik ki, birgə yaşamaq, yəni cəmiyyət olmaq, cəmiyyət kimi yaşamaq kifayət qədər əhəmiyyətli olduğuna görə özümüzə aid olan azadlıqlarımızın müəyyən bir hissəsini məhdudlaşdırmağı məqsədəuyğun sayırıq və toplum halında birləşirik. Birlik yaratdıqda, yəni cəmiyyət olduqda təbii ki, hər birimizin maraqları da vardır ki, bu maraqlar bizi toqquşmalara gətirməsin deyə qarşılıqlı BİRGƏ RAZILIĞA gəlirik. 

Təklif etdiyimiz BİRGƏ RAZILAŞMAnın əsas müddəalarını, tezislərini aşağıdakı kimi qəbul edə bilərik:

1.      Mən (yəni insan, fərd olaraq) ən ali varlığam.

2.      Mənim (hər bir insanın, fərdin) azadlığım (müstəqilliyim) ən ali dəyərdir. Mənim azadlığım məni xoşbəxt edə biləcək başlıca alınmaz dəyərimdir.

3.      Mən (hər bir insan, fərd) doğulduğum andan etibarən azad yaşamaq, azad olmaq, xoşbəxt olmağa can atmaq kimi alınmaz ali haqlara malikəm. Mənim (insanın) azadlığımı (haqlarımı) heç kəs və heç nə məhdudlaşdıra bilməz.

4.      Mənim (bir insanın, fərdin) azadlığım yalnız və yalınız Sənin və Onun (digər insanların, fərdlərin) hüquqları, haqları başlayan yerdə bitir.

5.      Mən, Sən və Onun (insanların, fərdlərin) birliyi suverendır (müstəsna səlahiyyətlidir). Suveren müstəsna səlahiyyətləri olmaq deməkdir. Bu suverenlik, müstəsna səlahiyyət bizə yuxardakı müddəaları nəzərə alaraq istədiyiimiz kimi yaşamağımızın (fəliyyət göstərməyimizin) zəminidir. Həmin müstəsna səlahiyyətimizin az və ya çox hissəsini hansısa bir hüquqi şəxs (məs.: dövlət) yaradıb ona verə bilərik.

6.      Qəbul etdiyimiz bu BİRGƏ RAZILAŞMAnın bütün müddəaları alidir və Mən, Sən, O, yəni hər birimiz şəksiz əməl etməliyik. Əməl etməyənlər Ali qanunlar;m;zla cəzalandırılmalıdır.

7.      BİRGƏ RAZILAŞMAya əməl edilməsinə hamı nəzarət edir. Bu razılaşma yalnız və yalnız Mənim, Sənin və Onun (razılaşmanı qəbul edən hər bir fərdin) razılığı ilə dəyişdirilə bilər.

Hesab edirəm ki, bu tezislər Mənim - yəni insanın, fərdin mərkəzdə dayandığı BİRGƏ RAZILAŞMA adlandırdığımız fundamental ideoloji konsepsiyanın əsas müddəaları kimi qəbul oluna bilər. Bu müstəvidə geniş, hərtərəfli müzakirələrin aparılması toplumun başlıca ideoloji sütünunun formalaşması və aydınlaşması baxımından çox faydalı olar.

 

ƏDƏBİYYAT:

 

1. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: “Lider nəşriyyatı”, 2004.

2. Thomas Hobbes.  Levitihan. Wordsworth Editions Limited. 2014.

3. Jhon Locke. Two Treatises of Government.  In Ten Volumes. Vol. V. London: Printed for Thomas Tegg; W. Sharpe and Son; G. Offor; G. and J. Robinson; J. Evans and Co.: Also R. Griffin and Co. Glasgow; and J. Gumming, Dublin. 1823.

 

 

 

 

ZAMAN GÖZLƏMİR
 
Facebook beğen
 
 
Bugün 21 ziyaretçi (24 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol